Orduxan Teymurxana niyə belə cavab verilmir? Və ya kimə bu qalmaqal lazımdı?

Dövlət başçısını müdafiə etmək istəyənlərin yerinə olsam, nə edərdim?

Əvvəla Orduxan Teymurxana cavab verməzdim. Yox, əgər tapşırıq gəlibsə, o halda daha arqumental və sevgi dolu cavab verərdim və bununla da mövzunu bitirərdim.

Məsələn belə:

Cənab Orduxan bəy! Sizin Brüsseldə hazırladığınız reportajı izlədim. Bir neçə haqlı sual yarandı. İstərdim o sualları birgə aydınlaşdıraq.

  1. Bilirik ki, Azərbaycan Prezidentinin Avropanın siyasi paytaxtı Brüsselə səfəri bir çox tədbirlərlə zəngin olacaqdı. Səfirliyin yeni binasının açılışı, Aİ ilə saziş, bir sıra dövlətlərlə ikitərəfli əməkdaşlıq sənədlərinin müzakirəsi, Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi tədbiri, TAP layihəsinin son işləri ilə bağlı uyğun şirkətlərlə görüşlər və s. Sizcə, bu qədər məsələni həll etmək üçün 12 maşın nümayəndənin (birində Prezident, ikisində köməkçi və mühafizə, üçündə Avropa ölkələrindəki Azərbaycan səfirliklərinin əməkdaşları, birində çəkiliş qrupu, birində xarici işlər naziri, ardı aydındı...) olmasında problem nədi?
  2. Sizcə, 12 maşını göstərib “500 maşın” deyəndə və bunu dəfələrlə təkrar edəndə kənardan özünüzə qarşı qıcıq yaratmırsız? Lap elə deyək ki, şişirtmədiz, “Prezident 12 maşınlıq kortejlə gəlib” bu sadaladığımız proqram üçün normal deyil?
  3. İldə iki dəfə Avropaya səfər edən Azərbaycan Prezidentinin deleqasiyasını, iki yüz km uzaqlıqda olan və ilin 12 ayı Brüsseldə olan AB olkələrinin hansısa Prezidenti ilə müqayisə etmək nə qədər doğru və obyektivdi?
  4. Çəkilişə gedib-gəlmiş, aylıq məvacibini alan dövlət televiziyasının əməkdaşlarını dəfələrlə çəkib, onları provakasiya edirsiz. Bilirsiz ki, bizim xalqın nümayəndələrinin əksəriyyəti kameraya komplekslidi və sizə hansısa şəkildə cavab verəcəklər. Buna nail olursuz və atanız yaşda kişilərlə söyüşürsüz. Orda olanların ən fağırları, aylıq 500-600 manat əmək haqqı alanlardı, onları alçaltmaq sizə nə verir?
  5. Otelin qarşısında qolunuzdan tutana başqa cavab verib, bunu başqa cür təqdim edirsiz. (Qolunu qıraram dedim və s.) Axı belə edəndə yalançı vəziyyətinə düşürsüz. Bunu bilmirsiz?
  6. Deyirsiz, sizin qorxunuzdan Prezident səfirliyin açılışını etmədi. Necə etmədi? Etdi axı. Həm açılış oldu, həm də bunu Przident özü şəxsən etdi. Bircə səbəb deyin. Prezident sizdən niyə qorxsun? Axı belə məsuliyyətsiz yalan danışanda ağıllı insanlar sizi ciddiyə almaz, inanmaz. Fərqində deyilsiz bunun? Yoxsa eyforiyyada çabalayırsız?
  7. Orduxan Teymurxan! Heç özünüzə kənardan baxmısız? Çəkdiyiniz videoları sonradan izləyirsiz? Davranışlarınızın, ekranda gəyirməyinizin, bağıra-bağıra danışmağınızın, alayarımçıq cümlələrinizin, bir fikri belə bütöv deyə bilməməyinizin, bayağı lağ-lağıdan bir pillə qalxmağa potensialınızın çatmaması, sadəlövh adamlara dayanmadan ötürdüyünüz heç bir siyasi, elmi, maarifçi əsası olmayan pafoslu yalanlarınızın sizi hörmətdən saldığını hiss etmirsiz? Özünüzə tənqidi gözlə baxmısızmı? Baxmamısızsa, deməli, kamilləşmək istəmirsiz. Deməli, müdriklik yolundan çox uzaqsız. Danışıq, nitq, davranış elmsiz və vulqar görünürsə, deməli, çox ciddi boşluq var. Çox işləməyə ehtiyac var. İnanın, bu, məni incidir, sizin yerinizə adam özünü narahat hiss edir. Bunu kimsə sizə deməli idi. İnsanlar adətən belə həqiqətləri adamın üzünə demirlər, arxasınca danışırlar. Həqiqəti üzünüzə dediyim üçün səmimi reaksiya verməyə mənəvi gücünüz çatacaqmı?
  8. Yəqin bilirsiz ki, səfirlik binası dövlət balansında olur. Hakimiyyət heç bir halda onu öz mülkü kimi sata bilməz. O səfirlik binası həmişə dövlətin balansında qalacaq. Avropada yaşayan azərbaycanlıların, tələbələrin, turistlərin... müraciət edə biləcəyi çox və gözəl imkanlara sahib səfirliklərinin olmasında pis nə var?

 

Orduxan bəy! Bu suallar barənizdə pis rəy yaradır. Məhz bu səbəbdəndir, insanlar addımlarınızda qərəzlilik görür və hansısa şəxsi məqsədlər üçün bu gedişləri etdiyinizi düşünür. Bir həmvətən kimi sizdən rica edirəm, bu sualları oxuyun, düşünün və elə cavab verin ki, insanlar sizə inansın. İstəmirəm, üzərinizdə “erməni xislətli, qərəzli, eqoist, xəyanətkar” damğası qalsın.

Sayqılarla, Mirşahin Ağayev. Real TV

 

Bəli, belə bir sual yaranır, məgər, Mirşahin Ağayev və ya digər müdafiəçilər o qədər ağılsızdı ki, buna bənzər məntiqli yox, əksinə qızışdırıcı və əvvəlcədən məğlubiyyətə məhkum tonda süjet hazırlayır, yazılar yazır? Aha, Zərdüşt dedi ki, bəlkə kimlərəsə elə bu lazımdı - aqresiv, söyüşlü, vətəndaş qarşıdurması görüntülü REALlıq?

Mən onların heç birinin yerində olmamışam və deyiləm. Ona görə də tam aydın deyil mənzərə mənə.

Ona görə də bu suallara da hörmətli Mirşahin bəy cavab versin, zəhmət olmasa.

Bu misalda M. Ağayev və O. Teymurxan bir nümunədi. Əminəm ki, şəxsinə götürməyəcəklər. Bu yazı hazırkı situatsiya və onun bütün iştirakçılarına aiddi. Gərək hamı payın götürsün.

Əzizlərim, bizi bu vəziyyətdən çıxara biləcək, cəmiyyətdə barış və birlik yaradacaq tək yol var, o da Qarabağ üçün birləşmək. Buna görə hər iki dəyərli həmvətənimdən, o cümlədən bütün tərəflərdən xahiş edirəm Azərbaycan üçün, Qarabağ naminə həmrəy olsun. Yoxsa elə ömrümüzün sonunacan faydasız didişmələrdə keçrəciyik həyatımızı.

 

Sevgilərlə,

Ramin Hacılı.


Paylaş

Rəy yaz